Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir.
Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir.
Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.